Araz Dadaşzadə
Araz Məmməd Arif oğlu Dadaşzadə (30 yanvar 1936, Bakı – 4 noyabr 1990, Bakı) — Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, Azərbaycan SSR əməkdar elm xadimi (1989).
== Həyatı ==
Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuşdur.
Araz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. O, 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləmişdir.
1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O, 1963-1966-cı illərdə burada kiçik elmi işçi, 1968-1976-cı illərdə isə İnstitutun orta əsrlər şöbəsinin baş elmi işçisi olmuşdur.
Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir.
A.Dadaşzadə 1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır.